Author

Elnara Nakhmedova

Browsing

Müasir insanın həyatı elə internetdə keçir. Virtual məkandan diş həkiminin, stilistin növbəsinə yazıla, naharı sifariş edə, marketdə vaxt itirmədən qida məhsullarını evə yönləndirə bilərik.

Hətta sevdiyin xanıma gül axtarmağa da ehtiyac yoxdur, kuryer lazım olan zamanda buketi mənzil başına çatdırar.

İş adamları da bazarda baş verən proseslərə uyğunlaşaraq biznesi internetdən idarə etməyə üstünlük verirlər. Virtual reallıqda işini düzgün quran şəxslərin həm xərci azalır, həm də xidmətin səviyyəsini artırmaq olur. Artıq onlayn ticarət və xidmət erasıdır: bu sektorda yer almağın vaxtı çoxdan çatıb.

Bəs yerli şirkətlər onlayn biznesdən hansı səviyyədə yararlanır?

Tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova “Finans.az“a açıqlamasında bildirib ki, şirkətində idarəetmə və nəzarət sistemində daim istifadə olunan rəqəmsal texnologiyaya böyük əhəmiyyət verilir:

“Müasir dünyada uğurlu olmaq istəyirsənsə, deməli zamanla ayaqlaşmalısan. Azərbaycanda СRM sistemini tətbiq və aktiv istifadə edən yeganə gözəllik salonu şəbəkəsi, məncə, bizik. Müştərilərin bundan rahat yararlanmasına şərait yaratmışıq. Şirkətin bütün əməkdaşları elektron ünvan vasitəsilə növbəti günlərə növbəyə yazılan hər bir müştəri barəsində məlumat alırlar. “Call center Beauttech” sistemi də xidmətin keyfiyyətinə nəzarət edir.

Sosial şəbəkə də irəliləmə və satışın artması üçün mühüm platformadır. Bir sıra biznes sahibləri bununla işlərini bitmiş sayır, amma layiqli şirkətin mütləq rəsmi saytı olmalıdır. Gözəllik salonlarının 90 faizinin belə saytı yoxdur. Biz saytımızı son dövrdə 3 dəfə yeniləyərək təkmilləşdirmişik. Yeni versiya rəqəmsal marketinqin tətbiqində böyük rol oynayacaq. Apple və Android platformaları üçün bizim mobil həlləri də yeniləyirik. Yaxın zamanda onları təqdim edəcəyik”.

“Tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova

“Mən də müxtəlif proqram və onlayn dərslərin fəal istifadəçisiyəm. Yenilikləri internetdən izləyirəm, onlayn platforma və forumlarda faydalı bilik toplayıram”.

İşgüzar xanım CRM sistemin müştəri bazasına tam nəzarət etməyə imkan verdiyini vurğulayıb:

“Zəng gələrkən, kimin müraciət etdiyini bilirik. Müştəriyə təqdim etdiyimiz bonus kartına avtomatik olaraq ödənilən məbləğin 5 faizi qaytarılır. Sonra onlardan yararlanmaq olar.

Call Center vasitəsilə reallaşan xidmətdən əlavə Instagram və Facebook sosial şəbəkələrindən də növbəyə yazılmaq olar. Mobil tətbiqimiz hazır olandan sonra müştərilər profil yaradaraq onlara göstərilən xidmət, salona gəldikləri zaman barədə məlumatı görə biləcəklər”.

Elnarə Nəhmədova qeyd edib ki, müasir biznes insanı hər gün texnoloji savadı artırmağa sövq edir:

“Mən də müxtəlif proqram və onlayn dərslərin fəal istifadəçisiyəm. Yenilikləri internetdən izləyirəm, onlayn platforma və forumlarda faydalı bilik toplayıram”.

Azərbaycanda onlayn bal satışı ilə məşğul olan şirkətin təşkilati şöbəsinin rəhbəri Fidan Kərimova bildirib ki, hər zaman texnoloji trendləri izləməyə və uyğunlaşmağa çalışırlar:

“Günümüzü texnologiyasız təsəvvür etmək çox çətindir. Şirkət olaraq hər zaman texnoloji trendləri izləyib uyğunlaşmağa çalışırıq. Biznes proseslərin avtomatlaşdırılması şirkətimizdə prioritet istiqamətlərdən biridir. Saytımız 2016-cı ildən fəaliyyət göstərir, Azərbaycanda onlayn ödənişi, həmçinin taksit kartlarla ödənişi dəstəkləyən, yeganə bal saytıdır. Müasir dünyada tətbiq olunan “e-commerce” praktikasını da tətbiq edirik. Yaxın 1 ayda “Mr.Bee onlayn bal platforması” fəaliyyətə başlayacaq. Hər bir müştəri ölkənin istənilən regionundan saytımızda qeydiyyatdan keçən arıçıdan birbaşa bal və arıçılıq məhsullarını sifariş edə biləcək”.

“Azərbaycanda onlayn bal satışı ilə məşğul olan şirkətin təşkilati şöbəsinin rəhbəri Fidan Kərimova

“Günümüzün müştəriləri artıq yalnız mağazaya gedərək alış-veriş etmir, vaxtına qənaət edərək, iş yerində və ya evdə onlayn sifarişi həyata keçirir”.

Fidan Kərimova bildirib ki, rəqəmsal dünyada sosial media marketinq sahəsinin əhəmiyyəti günü-gündən artır:

“Ölkəmizdə inkişaf etməkdə olan sahələrdən biri də budur.Sosial şəbəkə kanallarının inkişaf etdirilməsi marketinq strategiyamızın əhəmiyyətli hissəsini təşkil edir. Facebook, İnstagram, Twitter, Linkedin və Youtube kanalları vasitəsilə məhsul və mövcud kampaniyalar barədə məlumatı hədəf kütləyə ötürürük.

Təxminən 100-ə yaxın A kateqoriyalı iri market şəbəkəsində təmsil olunuruq. Günümüzün müştəriləri artıq yalnız mağazaya gedərək alış-veriş etmir, vaxtına qənaət edərək, iş yerində və ya evdə onlayn sifarişi həyata keçirir. Ümumiyyətlə, market şəbəkəsi və onlayn satış tamamilə fərqli satış kanallarıdır. Hər iki satış kanalında istər xidmət, istərsə də məhsul prinsipləri fərqli olduğu üçün, gəlirlilik baxımından onları müqayisə etmək düzgün deyil. Ən sadə bir misal gətirim, müştəri 1 balon bal almaq üçün adətən marketə üz tutmur. Bunun üçün saytımıza daxil olur, sifariş verir, biz də qeyd olunan ünvana çatdırırıq, özü də pulsuz. Onlayn müraciətlərin sayı isə getdikcə artır, biz nağdsız ödənişi stimullaşdırmaq üçün müxtəlif alətlərdən – “cashback” sistemindən istifadə edirik”.

Şöbə rəhbəri qeyd edib ki, şirkət mobil tətbiqi bu ay müştərilərinin istifadəsinə verəcək:

“Artıq hər kəs mobil tətbiqimizi yükləyərək məhsul sifariş edə biləcək. Ödəniş şəklindən asılı olmayaraq, şirkətimiz Bakı üzrə 24 saata müştərinin sifarişini istədiyi ünvana pulsuz çatdırır. Bundan başqa, müştərilərimizə daddırma xidməti də təklif edirik. Məhsulun nümunəsi müştəriyə çatdırılma zamanı təqdim olunur, ağız dadına uyğun olub-olmadığı və digər məqamlar müəyyənləşdikdən sonra müştəri məhsulu sifariş verir. Müştəri nümunəni bəyənmədiyi halda isə, məhsul təmənnasız geri qaytarılır. Dünya təcrübəsinin uyğun çağırışlardan xəbərdar olmaq üçün, müxtəlif beynəlxalq və yerli tədbirlərdə, sərgilərdə, elmi konfranslarda və biznes forumlarda iştirak etməyə çalışırıq. Xarici bazara çıxmaq üçün dünya trendlərinə uyğunlaşmalıyıq, xarici müştərinin istədiyi fərqli olur, həm qablaşma, həm də sertifikatlaşma baxımından. Hər bir xarici müştərinin istəyini reallaşdırmağa çalışırıq”.

Azərbaycanda gözəllik salonu dedikdə, oradakı xidmətlə yanaşı ustaların ünsiyyət qurmaq bacarığı, davranış tərzi də göz önünə gəlir. Bu məsələ müştəri narazılığına səbəb olan faktorlar sırasında geniş yer tutur.

Bir çox halda ustalar öz aralarında və ya müştəri ilə davranışa nəzarət etməyə cəhd belə göstərmirlər. Tanınmış gözəllik salonları isə usta və müştəri münasibətini tənzimləmək üçün təlim keçirmək, xüsusi qaydalar tətbiq etmək, nəzarəti gücləndirmək kimi metodlara üstünlük verir.

Rəqqasə, aktrisa Oksana Rəsulova Qaynarinfo-ya açıqlamasında hər hansı bir gözəllik salonunda özünə qarşı kobud rəftarla qarşılaşmadığını bildirib:

“Tez-tez təqdimatlara, konsert və verilişlərə dəvət alıram. Hər dəvətdə gözəllik salonuna müraciət etməli oluram. İndiyədək hər hansı bir problemlə üzləşməmişəm. Amma rəfiqələrimin başına belə hallar çox gəlib. Onlardan eşitdiyimə görə, bəzi gözəllik salonlarında ustaların müştəri və ya elə bir-biriləri ilə kobud davranışı yer alır. Amma indi Azərbaycanda fəaliyyət göstərən salonların bir çoxu yüksək səviyyəli yerlərdir. Belə yerlərdə problemlə qarşılaşmaq mümkün deyil. Onlar səviyyəni qorumaq üçün hər şey edirlər. Ümumiyyətlə, mənə qarşı hər hansı bir gözəllik salonunda kobud rəftar olmayıb. Artıq 10 ildir  bir stilistlə çalışıram. Bizim aramızda heç vaxt problem yaranmayıb”.

Aktrisa mütəmadı olaraq gözəllik salonlarından reklam təklifi aldığını qeyd edib:

“Reklam qarşılığında mənimlə işləmək istəyirlər. Uzun illərdir bundan imtina edirəm. Çünki bəzi çəkilişlərdə başqa stilistlərlə işləmişəm. Razı qaldığım hallar olsa da, narazılığım  daha çox olub”.

Tanınmış stilist Nasir Babayev bildirib ki, ilk növbədə müştəri ilə dost olmaq lazımdır:

“Demək olar müştərilərimin 80-90 faizi ilə dostam. İllərdir yanıma gəlirlər. Onların xasiyyətinə yaxşı bələdəm. İşimi görə-görə danışıb-gülürük, hal-əhval tuturuq. İllərlə işlədiyim müştərilərin “kapriz”ləri olmur. Çünki artıq onların nə istədiyini əvvəlcədən bilirəm. Elə gəlib sakitcə otururlar. Ona görə də işlərimiz qaydasında gedir. “Kapriz”li müştəri isə ümumiyyətlə çox az olur. Nadir hallarda ilk dəfə gələn müştəri narazılığını göstərə bilər. Yəni, bu da tez-tez olmur. Hərdən olur bir-birimizi başa düşmürük. Amma bunları yoluna qoymaq problem deyil. Allaha şükür olsun ki, məndən indiyə kimi müdiriyyətə şikayət olmayıb. Yəni, müştəri ilə münasibətim o səviyyəyə gəlib çıxmayıb.

Məncə, ilk növbədə müştəri ilə dost olmaq lazımdır. Heç bir problem olmamağı üçün onun dilini, istəyini yaxşı bilməlisən. Xanımların bir çoxu səmimiyyətə üstünlük verir. Usta nə qədər səmimi və sadə olsa, ünsiyyət bir o qədər rahat olur. Bilirlər ki, istədikləri yerinə yetiriləcək”.

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, 25 illik stilist təcrübəsinə malik olan Elnarə Nəhmədova müştəri və saç ustası arasında müəyyən sərhədin pozulması hallarının baş verə bildiyini deyib:

“Bir müddət sonra stilist müştərini yaxın rəfiqəsi kimi qəbul etməyə başlayır. Bəzən müştəri də buna şərait yaradır. Nəticədə ustanın şəxsi problemlərini, ailə vəziyyətini anlamalı, qeybət dolu söhbətini dinləməli olur. Amma usta bir məqamı unudur: dostdan və ya rəfiqədən görülən xidmətə görə pul alınmır. Əgər müştəri xidmət haqqını ödəyirsə, deməli o, ilk növbədə müştəridir, nəyisə anlamağa borclu deyil.

Belə vəziyyətlərdən yaxa qurtarmaq üçün “Beauttech” şəbəkəsində dəqiq qaydalar və mərkəzi video çəkiliş sistemi var. Bu sistem usta və müştəri arasında müəyyən sərhədi təyin edir. Həm də ustaları daim təlimatlandırırıq. Müştərinin psixoloji portreti, xidmət zamanı yarana biləcək problemlər və onların həlli, düzgün danışıq qaydası, söhbət üçün uyğun mövzunun seçilməsi, müştərini dinləmək qabiliyyəti, nitq və sözlər üzrə məsləhətin verilməsi kimi məqamlar önə çəkilir. Əlbəttə, istisna hallar da olur, onlara o dəqiqə reaksiya göstərir, məsələni yerindəcə həll edirik”.

İş qadını bildirib ki, şikayət daxil olduğu halda özü ya da baş menecer vəziyyəti ayırd edir:

“Şəbəkəmizdə yerli-yerində olan tənqid bəyənilir. Məhz tənqid şəxsi biznesi inkişaf etdirir. Bunu anlamaq və qəbul etmək lazımdır. Belə hallarda usta tənbeh və ya cərimə olunur. Əlbəttə, hər iki tərəfin fikri ayırd edilir. Xidmət sahəsində olan böyük təcrübəmə və ustalarımı yaxşı tanıdığıma görə kimin nəyi edə biləcəyini dəqiq təyin edə bilirəm. Müştərini dinləyərkən, onun haqlı və ya haqsız olduğunu da aydınlaşdırmaq olur. Praktikamda baş verən bir hadisəni qeyd etmək istərdim. Salonda çalışan usta müştərinin narazılığını vatsap vasitəsilə ilə çox da uyğun olmayan, kobud formada öyrənməyə çalışmışdı. Onu elə həmin gün işdən azad etməli oldum. Belə davranış bizim şəbəkədə yolverilməzdir. Bizim stilistlər qaydalar və cərimə sistemi ilə tanışdırlar. Bu barədə onlara yazılı forma təqdim olunub, hər pozuntuya görə cavabdehlik daşıyırlar”.

Elnarə Nəhmədova xidmət sahəsində təlimlərin keçirilməsi çox əhəmiyyətli olduğunu qeyd edib:

“Özü də onlar daimi olmalıdır. Komandada cəmi 5 nəfər olsa, hansısa problem o qədər də nəzərə çarpmır, sadəcə usta ilə söhbətdə qaydasına qoymaq olar. Amma 150 insandan ibarət şəbəkədə təlimsiz ötüşmək mümkünsüzdür. Hamı təlim keçir. Əsas heyət, menecerlər, administratorlar, hətta təmizlik işinə baxan personal da inkişaf etməlidir. Bizim kadrlar xeyli fərqlidirlər, mən bununla fəxr edirəm. Komanda bunu anlayır və pozitiv qəbul edir”.

Digər mənbə: ann.az, qaynarinfo.az, finans.az

Yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir, çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.

Əmək müqaviləsi ilə hər hansı bir işdə çalışan insanların çoxu məzuniyyət hüququndan yararlanaraq istirahəti məhz yayda reallaşdırır, ən azı 1 ay ödənişli dincələ bilir. Amma şəxsi biznesi olan işgüzar insanlar istirahət etməkdən yayınır, bunu işin çoxluğu, biznesi başlı-başına qoymaq imkanının olmadığı ilə əsaslandırırlar.

İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq.

Mövzunu “Finans.az“a şərh edən Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, işgüzar xanım Elnarə Nəhmədova bildirib ki, hər bir insanın istirahətə ehtiyacı var:

“Yayda mütləq istirahət edirəm, çünki hər bir insan kimi buna ehtiyacım var. Mənim üçün istirahət mütləq tanımadığım xarici ölkələrə səyahətə getmək deməkdir. Gündəlik qayğılardan dincəlmək üçün bahalı oteldə yaşamağı önəmli saymıram. İstirahət edirəmsə, deməli, ilk növbədə yeni ölkə, mədəniyyət və insanlarla tanış oluram. Buna görə dünyagörüşüm genişlənir, yeni bilik əldə edirəm.

“Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, işgüzar xanım Elnarə Nəhmədova

“Adətən 10 günlük tətilə gedirəm. Bu müddətdən artıq istirahət məni darıxdırır, topladığım güc və enerji isə kifayət edir”.

Bizdə artıq vəzifə bölgüsü və güclü menecmenti olan dəqiq sistem qurulub deyə öz biznesimə görə istirahət zamanı narahat olmuram. Hər halda işimi də 1 aylıq başlı-başına qoya bilmirəm. Adətən 10 günlük tətilə gedirəm. Bu müddətdən artıq istirahət məni darıxdırır, topladığım güc və enerji isə kifayət edir”.

İşgüzar xanım özünü normadan artıq çalışan zəhmətkeş insan saydığını vurğulayıb:

“Öz işimi sevirəm deyə zamanın necə ötdüyünü belə duymuram. Mən və işim bir yerdə ayrılmaz vəhdət təşkil edir. Özümü normadan artıq çalışan zəhmətkeş insan sayıram. Səyahət etməyə və bu yolla gündəlik stressi üstümdən atmağa vərdiş etdiyimdəm hər 2-3 aydan bir uzaq ölkələrə getmək üçün Bakıdan kənara çıxıram. Qalan dövrdə isə Türkiyəyə, uşaqlarımın yanına gedirəm”.

Bir neçə ildir məzuniyyətindən işgüzar səfərlər üçün istifadə edən dermatoloq Fərhad Qarayev işdən uzun müddət ayrı qala bilmədiyini qeyd edib:

“Həddən artıq işgüzar insan sayılmıram. Yayda istirahətə çıxmadığım üçün iş yükümü müəyyən qədər azaldıram. Lakin işdən uzunmüddətli ayrı qala bilmirəm. Çünki biz işlədikcə qazanırıq və beləliklə qazanmağa vərdişkar oluruq. Məzuniyyətə çıxanda isə özümüzü sanki pul itirirmişik kimi hiss edirik.

“Dermatoloq Fərhad Qarayev

“İstirahətə ayrılan günləri isə bir nəçə hissəyə bölərək istifadə etmək daha praktikdir. Həm işi yadırğamırsan, həm də istirahətdən bezmirsən”.

Məzuniyyət, daha çox aylıq maaş alan insanların tələbatıdır. Çünki onlara məzuniyyətdə də işlədikləri qədər məvacib verilir, məzuniyyətə çıxmaqla pul itirmirlər. Bizim sahə isə bir növ xidmət sahəsinə bənzəyir. Bir nəfərdən asılı olan istənilən xidmət sahəsində demək olar ki, məzuniyyət anlayışı olmur”.

Həkim qeyd edib ki, öz işinin müdiri olduğuna görə istirahət üçün burnunun ucu göynəmir:

“Məzuniyyətimi daha çox işgüzar səfərlərə sərf edirəm. Ümumiyyətlə, passiv istirahət anlayışı mənə yaddır. Ona görə də uzunmüddətli, sakit istirahətə getmirəm. Dincəlsəm belə, aktiv həyatı seçirəm. Getdiyim yerdən nəsə öyrənməyə cəhd edirəm. Məzuniyyətə çıxmayanda həftəsonu əyləncə ilə istirahətimi əvəzləmiş oluram.

İstirahətə ayrılan günləri isə bir nəçə hissəyə bölərək istifadə etmək daha praktikdir. Həm işi yadırğamırsan, həm də istirahətdən bezmirsən”.

Psixoloq Könül Telmanqızı bildirib ki, işgüzar insanların istirahəti önəmli tutulmalıdır:

“Əgər bu insan ilboyu yüklü şəkildə işləyirsə, onun istirahəti əvəzedilməz olmalıdır. Həyatda hər şeydən öndə istirahəti önəmli tutmalıdırlar. Çünki ilboyu biznesdə bir çox problemlər yaşana bilər. Bu da insanın psixologiyasına mənfi təsir edir. İnsan bu mənfi təsirlərdən özünü yüklü hiss etməyə başlayır. Əgər insan bunu bir yerdə atmırsa, get-gedə stress, depressiya halları başlaya bilər. Yüklü şəkildə çalışan şəxslərdə, bəzən iş həyatından belə uzaqlaşmaq istəyi yarana bilər”.

“Psixoloq Könül Telmanqızı

“Şərt deyil ki, hər istirahətdə xaricə səfərlər baş tutsun. Əsas olan oturaq həyatdan uzaqlaşmaq, təmiz havanı daha çox qəbul etmək, nizamli şəkildə gəzməkdir”.

Psixoloqun fikrincə, hər bir işgüzar şəxs ən azı ildə iki dəfə normal istirahəti həyata keçirməlidir:

“Bu, qış və yay aylarında baş tuta bilər. Yay fəslində istirahət daha çox önəmlidir. Çünki istilər və yüklənmiş iş üst-üsdə yığılır. Alimlərin araşdırmasına görə, gərgin iş rejimində çalışan insanların ürək-damar sistemində problem olması halları daha çoxdur. Bu məsələ tək ürək problemləri ilə kifayətlənmir. İstirahətini düzgün qurmayan insanlarda psixoloji gərginlik də özünü çox göstərə bilər. Bu insanlar yükləmiş vəziyyətdə olurlar. Psixoloji stressdən digər insanlara qarşı aqressiv ola bilərlər. Yaxşı olar, insan öz sağlamlığını hər şeydən öndə tutsun”.

Könül Telmanqızı onu da vurğulayıb ki, imkanı olan insanların bir aylıq istirahət etməsi daha məqsədəuyğundur:

“Bu zaman həm ruh sakitləşir, həm də beyin dincəlir. İlboyu yığılan yorğunluq bu formada atıla bilir. İstirahətdən öncə insanın dərisində müəyyən solğunluq hiss olunur. İstirahətdən sonra isə dəridə baş verən təzələnməni görmək mümkündür. Şərt deyil ki, hər istirahətdə xaricə səfərlər baş tutsun. Əsas olan oturaq həyatdan uzaqlaşmaq, təmiz havanı daha çox qəbul etmək, nizamli şəkildə gəzməkdir. Bunlarla insan çox yüklənməyəcək, ilin sonunda istirahətini səbrsizliklə gözləyəcək. İldə iki dəfə istirahətlə psixologiya və ruh sağlam qalacaq”.

Gözəlliyə yaxın olmaq həvəsi bəzən olduqca güclü olur deyə kimsə moda, gözəllik bloqçusu olmağa, kimsə dəriyə qulluq üzrə butik yaratmağa, kimsə də gözəllik salonu açmağa qərar verir…

Özümü tanıyandan həyatımı gözəllik salonu olmadan təsəvvür edə bilmirəm, 17 yaşından stilist peşəsində çalışdığımdan müştəri və gözəllik salonlarının aparıcı qüvvəsi olan stilistlərlə ünsiyyətdən böyük təcrübə qazanmışam. 

13 il müstəqil inkişafdan və dünya brendlərinin Avropa məktəblərində təhsil aldıqdan sonra öz şəxsi salonumu açmaq qərarına gəldim. Mən nə istədiyimi və hara yönlənəyəcəyimi bilirdim.

Bu məqsəd yağışdan sonra çoxalan göbələk kimi hər yeri bürüyən indiki salonların məqsədi ilə eyni deyildi. Mənim yaratdığım biznes uğurlu və populyar ola bildi, çünki öz işimlə məşğul olduğuma, öz yerimdə düzgün qərarlaşdığıma əminlik vardı.  

11 il sonra artıq bazarda tutduğum lider mövqeyindən ətrafda  baş verənlərə nəzər saldım, salon biznesində baş verən xaosa diqqət yetirməyə başladım.

Asan qazanc əldə etmək məqsədilə açılan, yaradılmasına böyük vəsait sərf edilən salonlar eyni sürətlə iflas olurdular.

Hər ay mənə kiminsə biznesinə kömək edilməsi üçün 2-3 xahiş gəlirdi, ya da bu işdən bezmiş salon sahibi obyektdən yaxa qurtarmaq üçün onu mənə icarəyə təklif edirdi.  

Bir sıra artıq çökmüş gözəllik salonlarının hələ də fəaliyyət göstərdiyi bazarı təhlil etdikdən sonra mən bu gün yalnız müasir biznes sahiblərinin yol verdiyi səhvləri göstərməklə onlara kömək edə bilərəm. Ümid edirəm, öz şəxsi işini yaratmaq və salon biznesinin bir hissəsi olmaq istəyənlərə bu məqalə faydalı ola bilər.

Dünya bazarına nəzər yetirsək, bütün məşhur brend salon və markalarını yalnız stilistlərin özləri yaradıb. Jacques Dessange, Tony&Guy, Vidal Sassoon, Aldo Coppolo, Paul Mitchel, Dolores kimi salonlar, tanınmış adlar bunu təsdiqləyir. Bu brendləri yaradanlar vaxtilə öz peşəsinin vurğunu olan bərbərlər olub. Zaman ötdükcə gözəlliyi və təcrübəni paylaşmaq həvəsi bu insanları məktəb yaratmağa təşviq edib, burada onlar gənclərə öz ideyalarını və peşəyə sevgi hissini aşılayıb. Məhz Avropaya təhsil almaq üçün etdiyim səfərlərdə ilhama gəlib mehriban komandada birləşmiş bir məktəbin məzunlarının çalışacağı salonu açmaq həvəsinə düşmüşəm.  

Birinci səhv: Ünsiyyət çevrəsi

Heç vaxt öz böyük ünsiyyət çevrəsinə, qohumlara, abunəçilərə güvənməmək.

Çox vaxt qadınların gözəllik salonu açmaq ideyası onların ömür boyu oraya xidmətə getməsinə, guya hər şeyi bilmələrinə əsaslanır. Üstəlik, imkan da var, yaxşı ünsiyyət çevrəsi də. O, salonu açan kimi bura bütün tanışların, bloqçular isə izləyicilərinin bir axınla gələcəyinə inanır. Doğrudan da axınla gələcəklər, amma cəmi 2-3 ay, sonra isə onların daha gəlmədiyini görəcəksiniz.

İkinci səhv: Komanda

Bu gün mən qətiyyətlə bir həqiqəti deyə bilərəm: müştəri bazası olan, transferi üçün böyük məbləğ ödənilən stilist üzərində qurulan salon elə yaranan gündən iflasa məhkumdur. Tamahkarlığa əsaslanan biznesi qurmaq olmaz. Pul gücünə bərbəri alarkən bir həqiqəti anlamalısınız: onu yeni yaranan başqa salonun satın alması yalnız zaman söhbətidir. 

Üçüncü səhv:  İşi sistem üzərində qurmaq, işçilərdən asılı olmamaq

Salonun bütün personalı (stilistlər, manikür ustaları, kosmetoloqlar) özünəməxsus insanlardan ibarətdir.

Onlarla ünsiyyət qurmaq və yönləndirmək xüsusi bacarıq tələb edir. Əgər siz obyekt yiyəsisinizsə, nə dediyimi anlayarsınız. Onlara söz deməkdən çəkinsəniz, tələblərinizi ətraflı izah etməsəniz, liderlik nüfuzunu itirmək təhlükəsi ilə qarşılacaqsınız.

Dördüncü səhv: Bazarın təhlili

Gözəllik salonu açarkən belə salonların həddən artıq çox olduğunu bilməlisiniz. Əgər açmağa qərar verdinizsə, müştərini cəlb etmək üçün nə kimi yeniliyə can atacağınızı da düşünməlisiniz. Hər yerdə adi standart paket var, sizin gözəl dizaynınız hələ üstünlük demək deyil.

Beşinci səhv: Etdiyiniz yatırım üçün smeta hazırlamağı öyrənin

Salon açmaq vəsait tələb edir, özü də böyük. Bu investisiyalar artıq siz gəlir əldə edənəcən çəkdiyiniz böyük xərcdir. Ustaları transfer etmək üçün sərf olunan pulu, salonun aylıq xərclərini, dövlət rüsumlarını da bura əlavə edib 12 aya bölün. Bu sizə ayda nə qədər gəlir əldə etməyi və hansı zaman kəsiyində qazanca çıxacağınızı dəqiq anlamağa imkan verəcək. Bu sizi 10 dəfə artıq düşünməyə də vadar edəcək. 

Altıncı səhv: Yalnız İnstagram-dakı hesab vacib deyil

İnstagram sosial şəbəkəsində cəmi bir səhifəyə sahib olmaqla biznesdə böyük uğur qazanmaq olmaz. İnternetdə şəxsi reputasiya və salonunuzun nüfuzu məsələsinə ciddi yanaşmaq lazımdır.

Sizin sayt və Facebook, İnstagram, Google, You Tube hesablarınız, digər bu kimi oxşar platformalar vahid bir mexanizm kimi işləməlidir.  

Yeddinci səhv: Salonun can verməsi və endirimlər

Endirimlər real müştəriyə yol açmır. Bir dəfə endirim hesabına salona gələn şəxslərin daimi müştəriyə çevriləcəyinə ümid azdır. Qiymətin aşağı endirilməsi və təkrarlanan endirimlər salonun iflasına şərait yaradır, can verməsinin əlaməti sayıla bilər.

Səkkizinci səhv: Müştərinin istəkləri ilə maraqlanın

Müştərinizlə ünsiyyət qurun, rəy istəyin və istəkləri ilə maraqlanın. Əgər salonlar qadınların naminə yaradılırsa, məhz onlar sizi yönləndirə, yaxşı ideyalar təklif edə və ən yaxşı məsləhətçiyə çevrilə bilərlər. Məncə, əsas məqamlar bunlardır. Qoy, bu kiçik tövsiyələr kiməsə biznesdə uğur qazanmağa kömək etsin.

Hər bir uşaq ata-anadan diqqət-qayğı gözləyir, səhər əzizlənməsini, axşam isə növbəti nağılı israrla tələb edir. Ananı özünə daha yaxın bilən körpə onun işləməsi, karyera və ya biznes qurmasını o qədər də xoş qarşılamır. Dekretdən iş yerinə geri dönən qadın ikiqat yüklənir. Karyerada yüksəlişini təmin etmək və övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq lazım gəlir. Əgər hansısa işdən imtina etmək, peşəni dəyişmək və ya şəxsi biznes qurmaq mümkün olsa da, analıq vəzifəsindən imtina edə bilməzsən.

Bəs evdə də, işdə də çalışan ana hər iki məkanda uğurlu olmaq üçün nəyə diqqət etməlidir?

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, uzun illər bizneslə ailə həyatını uyğunlaşdırmağı bacaran iki uşaq anası Elnarə Nəhmədova  fins.az-a açıqlamasında bildirib ki, aktiv iş fəaliyyəti uşaqlarla sıx təmas qurmağa təsir edir:

“İşimə görə uşaqlarımla çox vaxt keçirə bilmirəm. Zaman baxımından istədiyim qədər olmasa da, mənim onlarla söhbətim tərbiyələrinə, həyata baxışlarına təsir edir.

Onların təhsili, səhhəti ilə özüm maraqlanıram. Amerikada, Avropada necədir bilmirəm. Bizdə isə azərbaycanlı qanı var. Övladlarımızı özümüzdən üstün tuturuq. Allah heç bir valideynə övladının səhhətində problem olmasını göstərməsin. Amma o halda hər şeyi atırıq qırağa, iş-güc yaddan çıxır. Mən hər il uşaqlarımı “check-up”dan keçirirəm”.

Elnarə Nəhmədova uşaqlarına şəxsiyyət kimi yanaşdığını qeyd edib: “İş qadını olmaq səbirli olmaq deməkdir. Mən övladlarıma bir şəxsiyyət kimi baxıram. Zəmanənin uşaqları və gəncləri bizə bənzəmirlər. Onlara nəyisə irad tutanda, mütləq səbəbini açıqlamalı olursan. Ana olaraq danlamağın yox, daha çox dialoqun tərəfdarıyam.

İki övladım da ölkə xaricində yaşayır, mən isə Bakıda. Yeni texnologiyalar sayəsində bu məsafə o qədər də hiss olunmur. Hər ay ən azı 10 gün onların yanında olmaq üçün səfərə çıxıram.

İşimə görə imtina etdiyim heç nə yoxdur. Ola bilər ki, yerlə göy arasında çox qalıram, yollarda zamanımı itirirəm. Tək itkim də elə budur”.

Tanınmış iş qadını vurğulayıb ki, bacarıqlı insanları tapıb yetişdirmək, gələcəkdə biznesini ona əmanət etmək arzusu var:

“Artıq 25 ildir ki, bu sahədə çalışıram. Çox şeyləri qurmuşam, bacarıqlı insanları tapıb yetişdirmək istəyirəm. Hətta bu planlarımı həyata keçirməyə də başlamışam. Seçdiyim adamın gələcəkdə bu biznesi idarə etməsi və böyütməsi mənim arzumdur”.

Uşaq psixoloqu Aytən Cavadlı hazırda azyaşlı uşağı olan qadınların işləyib-işləməməsi məsələsinin çox aktual olduğunu bildirib:

“Bir qrup qadın düşünür ki, körpəsi olduqdan sonra işləməməlidir. Digər qrup isə öz iş rejimini idarə etməyi bacaracağını dərk edir. Cəmiyyətdə də qadının vaxtını daha çox uşağa ayırması ilə bağlı düşüncə yaranıb. Hamiləlik dövründən ana ilə uşaq arasında emosional bir bağ yaranır. Buna görə də anası işə gedərkən körpə bir müddət narahat olur.

Uşaqlar bir yaşa qədər gördüyü hər bir şeyi beyninə yazır. Körpə bu dönəmdə ananın daha çox sevgisini, nəvazişini, diqqətini beyninə həkk edir.

Uşağın inkişafında ilk dörd il çox önəmlidir. İlk vaxtlar ana körpəsindən bir neçə saatlığına uzaqlaşa bilər. Lakin bu hallarda da körpədə narahatlıq yarana bilir. Bunun kökündə onun daha çox anasına güvənməsi və anası yanında olmadıqda bu hissi itirməsi dayanır.

Uşağı körpəlikdən dayə böyütdükdə isə güvən hissi anadan alınıb həmin şəxsə verilir. Hətta bəzən uşaqların anadan çox dayəyə bağlı olmağının da şahidi oluruq. Çünki artıq uşaq güvən hissini həmin dayədən alır. Anasından görmədiyi nəvazişi, gülüşü, oyunu ondan görür”.

Psixoloq qeyd edib ki, tez-tez dayə dəyişildikdə uşağın güvən hissi parçalanır: “Bu, onun psixologiyasına mənfi təsir edir. Ümumiyyətlə uşaq 5-6 yaşına qədər anaya bağlı olur. Bu yaşlarda məktəbə getdiyi üçün anadan ayrılmaq məcburiyyətində qalır. Həmin yaş dövründə uşağa anasının və ya atasının işdə olduğunu izah eləmək daha asandır. Çünki o artıq bütün baş verənləri anlayır. Amma körpə uşağa bunu demək mümkün deyil. İlk dörd il ananın körpəsinə tərbiyə verməsi üçün ən gözəl çağdır”.

Aytən Cavadlı çalışan analara məsləhətlərini də dilə gətirib: “Çalışan analar işdən evə gəldikdən sonra yaranan boşluğu doldurmalıdırlar. Oyuncaqla oynamalı, onunla cizgi filmini izləməli, nağıl oxumalı, yatızdırmalı, yedizdirməlidir. Ana və ata daim övladları ilə əlaqədə olmalıdır. Hər yük anadan asılı deyil. Bu halda uşaqlarda ataya qarşı soyuqluq yarana bilər.

Məncə, analar övladının bir yaşından sonra çalışdıqda daha rahat olurlar. Əgər körpəsi olan qadın işini həll etdikdən sonra körpəsində o boşluğu doldura bilirsə, işləməyində məhdudiyyət olmamalıdır.

Son zamanlar mediada bir neçə dəfə yayılıb. Avropada deputatlar südəmər körpələrini özləri ilə birlikdə parlamentin iclaslarına gətirilər. Çünki südəmər körpə anasından çox ayrı qala bilmir. Bu hal artıq Avropa ölkələrində adi bir hala çevrilib”.

Mənbə: fins.az

Şəxsi işimi açdıqdan bir müddət sonra müşahidə və təhlil etməyə başladım. Siz buna mövhumat, xurafat, batil inanc da deyə bilərsiniz, amma şəxsi təcrübəm və müşahidələrim məndə bəzi fikirlərin əsasını qoydu (hər halda onlar salon biznesi sahəsinə aiddir).

Artıq iflasa uğramış biznesin yerində yeni bənzər biznes qurmaq olmaz.

Məsələn, gözəllik salonu açılır. Bir müddət sonra sahibi az gəlirli işin əziyyətini çəkməkdən bezdiyini anlayır və o onu icarə verməyə başlayır. Qəribə qanunauyğunluqdur, icarəyə götürən növbəti şəxs də uzun zaman davam gətirə bilmir və icarədarlar dayanmadan dəyişirlər, hər biri də işi ziyanla tərk edir.

Mənimlə də eyni hadisə baş verdi.  

Həmişə bir qaydanı əsas tutmuşam: əgər yer açırsansa, onu sıfırdan yaradırsan. Seçirsən, təmir edirsən, burada öz aura və sevgin ilə bölüşürsən. Yalnız bir dəfə bu qaydanı pozdum, hazır salon aldım. Elə ilk gündən peşman oldum. İki il davam edən mübarizədən sonra salonu bağlamalı oldum. Məndən sonra daha 2 nəfər bu yerdən gəlir əldə etmək istəyib, nəticə bir olub, salon ya bağlanıb, ya açılıb.

Belə hala tez-tez rast gəlinir, xüsusilə də restoran biznesində. Soruşarsınız ki, nə olsun? Obyekt tam məhv olmalıdır? Xeyr, qala bilər, amma fəaliyyət dairəsi dəyişməlidir.

Qadın məntiqi? Belə yanaşma kimdəsə gülüş doğurur? Ola bilər. İmkan daxilində şəhərdəki açılıb-bağlanan obyektlərə diqqət yetirin. Bu qanunauyğunluğu mütləq görəcəksiniz

Bəzən gündəlik həyatda qadın olduğumuzu unuduruq, az gülümsədiyimizə, az ünsiyyətdə olduğumuza, nə geyindimizə, makiyaj etməyə tənbəllik etdiyimizə fikir vermirik.

Müasir dünyada bir çox qadın öz biznesini yaratmağa, uğurlu olmağa və daha çox yüksəkliyə nail olmağa qərar verir. Onların karyera inkişafı və şəxsi biznesi ən sadə qaydalardan asılıdır.

Nəyi yadda saxlamaq lazımdır:

Həqiqi uğur çox zaman yaxşı görünən insanların qapısını döyür.

Açıq baxış və xoş təbəssüm qaşqabaqlıqlı və acıqlı sifət ifadəsindən daha yaxşıdır.

Hər bir halda şəxsi gigiyena və təmizliyə riayət şərtdir, bunun üçün hətta daha az yemək və yatmaq lazım gəlsə belə.

Saç düzümünün necə uyğunsuz olduğunu, geyimin yaraşmadığını anlamaq üçün aynada özünüzə baxmaq vərdişini formalaşdırmaq lazımdır.

Tez-tez gözəllik salonunu ziyarət etmək – israfa yol vermək yox, uğurlu qadın üçün qaçılmaz zərurətdir.

“Salonlar-ölü canlar”. Kreslo və yerin icarəsi ilə məşğul olan gözəllik salonları belə adlanır.

Əgər salona böyük pullar yatırılıbsa, növbəti salonun möhtəşəm olacağı və gözəllik sferasında liderliyi qazanacağına ümid bəslənilir. Amma iflas baş verəndə biznesdən yaxa qurtarmaq arzusu da güclənir.

İki illik fəaliyyətin nəticəsində investor düzgün qərar qəbul etmədiyini anlayır. Gözəllik salonu yaradıcı ustaların əhvalından çox asılıdır. Ustaların tez-tez yerdəyişməsi salonu çökdürür.

Əgər salonun məkanı şəxsidirsə, ölünün can verməsi 5 ilə qədər uzana bilər. Nəhayət mübarizə aparmaqdan bezən və qoyduğu pulu qaytarmağa çalışan investor cüzi icarə haqqının əvəzində salonda çalışmağa razılaşan ustaları işə cəlb etməyə çalışır. Beləliklə, “Salonlar-ölü canlar” da belə yaranır, burada müxtəlif səviyyəli ustalar “özlərinə” işləyirlər. Əlbəttə, salon ilkin səviyyə və ideyasını itirir, çünki salonun sahibi obyektin həyatında hər hansı bir fəal iştirak hüququndan məhrum olur. İcarənin şərtləri inkişaf və gəlirin artmasını əngəlləyir.

İstənilən sahədə biznes qurmaq elə də asan iş deyil. Gözəllik sferasındakı problemlərin çoxu insan faktorundan tam asılılığa bağlıdır. İşi qurmamışdan öncə bunu nəzərə almaq, bu barədə düşünmək gərəkdir.

Bu mübarizəyə, ədəbsiz ustaların nazı ilə oynamağa və onların şıltağlığına hazırsınızmı? Axı hər birimiz nəsə bir yenilik yaradarkən öz yetişdirməmizə gözəl və gurultulu gələcək arzulayırıq. Bu arzuların da gərəksiz yükə çevrilən biznesə bənzər nəyəsə toqquşması bizdə yalnız təəssüf doğurur.

Özünə qulluq edən, xarici görünüşü ilə dərindən maraqlanan, saçına, dırnaqlarına xüsusi diqqət yetirən kişilərə müasir dövrdə metroseksual deyirlər.

Günümüzdə səliqəsinə, görünüşünə, təmizliyinə xüsusi önəm verən kişilərin sayında da artım müşahidə olunur. Lakin bir çox insan metroseksual sözündən qaçır.

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova bildirib ki, öncəki illərlə müqayisə kişilərin özünə qulluğunda böyük fərq var:

“Bu səbəblə biz son salonu məhz kişilər üçün açdıq. Bizim şəbəkəmiz ailəvi salon formatında fəaliyyət göstərir. Son zamanlar kişi müştərilərin çoxalması diqqət çəkdi. Buna görə daha geniş xidmət göstərən kişi salonu açdıq.

Metroseksuallıq bizim cəmiyyətdə çox da düzgün anlaşılmır. Öz xarici görünüşünə diqqət edən, gigiyenasına vaxt ayıranlara metroseksual kişilər deyilir. Bu da artıq uğurlu insanın ayrılmayan bir imicidir.

Bütün banklarda, xarici və yerli şirkətlərdə buna böyük əhəmiyyət verilir. Buna görə də bizə müraciət edən çoxdur. Daha çox lazer epilyasiyası, əl-ayaq qulluğu və kosmetoloji üz təmizlənməsinə maraq var”.

Elnarə Nəhmədova vurğulayıb ki, göstərilən xidmətin qiyməti hər təbəqəyə uyğun hesablanıb:

“Yetər ki, insan bir dəfə salonun qabağından keçsin. Bundan sonra daimi müştəriyə çevriləcək. Bizim salonda daha çox kişi ustalar çalışır. Amma kişi müştərisi çox olan qadın ustalarımız da az deyil. Məncə, kişi stilist kişi müştərini daha yaxşı başa düşür, nə istədiyini bilir.

Mənim üçün kişilərin istənilən proseduru etdirməsi normal haldır. Amma yavaş-yavaş populyarlıq qazanan estetik üz korreksiyasıdır. Bu, çox dərin qırışların açılmasına, üzdə bəzi problemlərin aradan qaldırılmasına xidmət edir. İstər qadın, istər kişi, heç kim yaşlanmaq istəmir”.

Bloqçu Ramin Musayevin fikrincə, kişi əsasən orta yaş böhranında özlərinə diqqət yetirməyə başlayır:

“Amma buna hər yaşda önəm vermək lazımdır. Son illərdə bu tendensiya artır, kişilər dəbli geyinir, fitnes ilə məşğul olur, stilist və kosmetoloq xidmətindən istifadə edirlər. Son illərdə həm təklifin çox olması, həm də xarici ölkələrin təcrübəsi ilə tanışlıq bu prosesə yaxşı təsir edir.

Kişilərin saçları və dəriləri ilə problemləri çoxdur. Ona görə stilist və kosmetoloqa müraciət edirlər. Müalicədən sonra da mütəmadi onların qəbuluna gedirlər.

İtalyan kişiləri haqqında qadınların tərif və rəyini çox eşitmişik. Onları uşaqlıqdan eqoist böyüdürlər, həm də ataları onlara nümunə olur. Bu, bir ənənədir.

Əlbəttə hər bir kişi qadına xoş gəlmək üçün sağlam, dəbli və təmiz görünmək istəyir. Bu gün “fit” olmaq dəbdir. Bir çox tanışım fitnes, diyeta və sağlam qida hesabına artıq çəkidən yaxa qurtarıb. Buna həm də sosial şəbəkədəki yerli və əcnəbi bloqçuların çağırışları da dəstək olur. Mən sağlam həyat sürürəm, sistematik fitnes zalına gedirəm, bu həyat tərzini də təşviq edirəm”.

Ramin Musayev bildirib ki, müraciət etdiyi stilistin mütəxəssis olması daha vacibdir:

“Əvvəllər kişi mütəxəssisə müraciət etsəm də, son 3 ildə stilistim qadındır. Bir yaxın dostumun məsləhət bildi. İlk tanışlıqdan bir-birimizi anladıq, saç üslubumu ona etibar etdim. Nəticə çox xoşuma gəldi, o gündən ancaq onun xidmətindən istifadə edirəm.

Saç düzümü kişinin obrazında vacib ştrixlərdən biridir. Uşaqlıqdan arzum uzun saçlara malik olmaq idi, amma məktəbin tələbi ilə onu məcburən qısa kəsdirirdilər.

Saçım vaxtından öncə ağardığına görə, ona xüsusi baxım lazım olur. Ağ saçlar vaxtaşırı saralır, ona görə mütəmadi ağ saçlar üçün “Silver” şampundan istifadə etmək lazımdır. Həm də gel istifadə edərək, onları daha cəlbedici etmək olar. Bu arada düzgün və müasir saç düzümünün olması da vacibdir.

Heç zaman daraq və fendən istifadə etmirəm. Stiv Cobs demişkən “Tanrı bizə barmaq veribsə, niyə başqa alətdən istifadə etməliyik”. Mən də daraq yerinə əllərimi istifadə edirəm, fen yerinə məhrəbanı. Yaradıcı adam olduğum üçün səlis “ukladka” olunmuş saçları xoşlamıram.

Qadın stilistlər kişi obrazını kişilərdən fərqli görə bilirlər. Həm də qadın kimi, onların nə xoşladığını yaxşı bilirlər”.

Bloqçu kişi müştərilər üçün xidmətin baha olmadığını vurğulayıb:

“Nəzərə alsaq ki, kişi qadından daha az sayda müraciət edir, son nəticədə daha az pul xərcləyir. Məncə, qadın üçün daha bahalı və çox xidmət mövcuddur.

Aylıq xərc 100, maksimum 200 manat arası ola bilər. Bu, təmiz dəri, təravətli görünüş, sağlam və dəbli saç düzümünü nəzərdə tutur.

Məncə, özünü sevən və aktiv həyat tərzi sürən kişi üçün o qədər də böyük məbləğ deyil.

Metroseksuallıq bizim cəmiyyətdə çox zaman düzgün anlaşılmır deyirlər. Mən şəxsən belə anlaşılmazlıqlarla qarşılaşmıram. Öncə metroseksual sözünün mənasını bilmək vacibdir.

Kənardan baxıb “özünə yaxşı baxırsan a!”, “getdikcə cavanlaşırsan!” və ya digər komplimentlər eşidirəm, həm də hər iki cinsin nümayəndələrindən. Belə komplimentlərə zarafatla cavab verirəm. “Cavanlığın sirri nədir?” sualına cavab isə fitnes, gündəlik 2 litr su, sağlam qida, müntəzəm aktiv həyat və hər şeyə pozitiv baxışdır.

Hər bir insan, cinsindən asılı olmayaraq hər zaman təravətli, təmiz, baxımlı olmalıdır. Çünki atalar demişkən, insanı xarici görüşə görə qarşılayıb, ağlına görə yola salırlar. Hesab edirəm ki, hər ikisində qarşıdakına yaxşı təəssürat bağışlamaq lazımdır”.

Digər mənbə: 1lady.az, ann.az, qaynarinfo.az