Category

Media

Category

Hər bir uşaq ata-anadan diqqət-qayğı gözləyir, səhər əzizlənməsini, axşam isə növbəti nağılı israrla tələb edir. Ananı özünə daha yaxın bilən körpə onun işləməsi, karyera və ya biznes qurmasını o qədər də xoş qarşılamır. Dekretdən iş yerinə geri dönən qadın ikiqat yüklənir. Karyerada yüksəlişini təmin etmək və övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq lazım gəlir. Əgər hansısa işdən imtina etmək, peşəni dəyişmək və ya şəxsi biznes qurmaq mümkün olsa da, analıq vəzifəsindən imtina edə bilməzsən.

Bəs evdə də, işdə də çalışan ana hər iki məkanda uğurlu olmaq üçün nəyə diqqət etməlidir?

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, uzun illər bizneslə ailə həyatını uyğunlaşdırmağı bacaran iki uşaq anası Elnarə Nəhmədova  fins.az-a açıqlamasında bildirib ki, aktiv iş fəaliyyəti uşaqlarla sıx təmas qurmağa təsir edir:

“İşimə görə uşaqlarımla çox vaxt keçirə bilmirəm. Zaman baxımından istədiyim qədər olmasa da, mənim onlarla söhbətim tərbiyələrinə, həyata baxışlarına təsir edir.

Onların təhsili, səhhəti ilə özüm maraqlanıram. Amerikada, Avropada necədir bilmirəm. Bizdə isə azərbaycanlı qanı var. Övladlarımızı özümüzdən üstün tuturuq. Allah heç bir valideynə övladının səhhətində problem olmasını göstərməsin. Amma o halda hər şeyi atırıq qırağa, iş-güc yaddan çıxır. Mən hər il uşaqlarımı “check-up”dan keçirirəm”.

Elnarə Nəhmədova uşaqlarına şəxsiyyət kimi yanaşdığını qeyd edib: “İş qadını olmaq səbirli olmaq deməkdir. Mən övladlarıma bir şəxsiyyət kimi baxıram. Zəmanənin uşaqları və gəncləri bizə bənzəmirlər. Onlara nəyisə irad tutanda, mütləq səbəbini açıqlamalı olursan. Ana olaraq danlamağın yox, daha çox dialoqun tərəfdarıyam.

İki övladım da ölkə xaricində yaşayır, mən isə Bakıda. Yeni texnologiyalar sayəsində bu məsafə o qədər də hiss olunmur. Hər ay ən azı 10 gün onların yanında olmaq üçün səfərə çıxıram.

İşimə görə imtina etdiyim heç nə yoxdur. Ola bilər ki, yerlə göy arasında çox qalıram, yollarda zamanımı itirirəm. Tək itkim də elə budur”.

Tanınmış iş qadını vurğulayıb ki, bacarıqlı insanları tapıb yetişdirmək, gələcəkdə biznesini ona əmanət etmək arzusu var:

“Artıq 25 ildir ki, bu sahədə çalışıram. Çox şeyləri qurmuşam, bacarıqlı insanları tapıb yetişdirmək istəyirəm. Hətta bu planlarımı həyata keçirməyə də başlamışam. Seçdiyim adamın gələcəkdə bu biznesi idarə etməsi və böyütməsi mənim arzumdur”.

Uşaq psixoloqu Aytən Cavadlı hazırda azyaşlı uşağı olan qadınların işləyib-işləməməsi məsələsinin çox aktual olduğunu bildirib:

“Bir qrup qadın düşünür ki, körpəsi olduqdan sonra işləməməlidir. Digər qrup isə öz iş rejimini idarə etməyi bacaracağını dərk edir. Cəmiyyətdə də qadının vaxtını daha çox uşağa ayırması ilə bağlı düşüncə yaranıb. Hamiləlik dövründən ana ilə uşaq arasında emosional bir bağ yaranır. Buna görə də anası işə gedərkən körpə bir müddət narahat olur.

Uşaqlar bir yaşa qədər gördüyü hər bir şeyi beyninə yazır. Körpə bu dönəmdə ananın daha çox sevgisini, nəvazişini, diqqətini beyninə həkk edir.

Uşağın inkişafında ilk dörd il çox önəmlidir. İlk vaxtlar ana körpəsindən bir neçə saatlığına uzaqlaşa bilər. Lakin bu hallarda da körpədə narahatlıq yarana bilir. Bunun kökündə onun daha çox anasına güvənməsi və anası yanında olmadıqda bu hissi itirməsi dayanır.

Uşağı körpəlikdən dayə böyütdükdə isə güvən hissi anadan alınıb həmin şəxsə verilir. Hətta bəzən uşaqların anadan çox dayəyə bağlı olmağının da şahidi oluruq. Çünki artıq uşaq güvən hissini həmin dayədən alır. Anasından görmədiyi nəvazişi, gülüşü, oyunu ondan görür”.

Psixoloq qeyd edib ki, tez-tez dayə dəyişildikdə uşağın güvən hissi parçalanır: “Bu, onun psixologiyasına mənfi təsir edir. Ümumiyyətlə uşaq 5-6 yaşına qədər anaya bağlı olur. Bu yaşlarda məktəbə getdiyi üçün anadan ayrılmaq məcburiyyətində qalır. Həmin yaş dövründə uşağa anasının və ya atasının işdə olduğunu izah eləmək daha asandır. Çünki o artıq bütün baş verənləri anlayır. Amma körpə uşağa bunu demək mümkün deyil. İlk dörd il ananın körpəsinə tərbiyə verməsi üçün ən gözəl çağdır”.

Aytən Cavadlı çalışan analara məsləhətlərini də dilə gətirib: “Çalışan analar işdən evə gəldikdən sonra yaranan boşluğu doldurmalıdırlar. Oyuncaqla oynamalı, onunla cizgi filmini izləməli, nağıl oxumalı, yatızdırmalı, yedizdirməlidir. Ana və ata daim övladları ilə əlaqədə olmalıdır. Hər yük anadan asılı deyil. Bu halda uşaqlarda ataya qarşı soyuqluq yarana bilər.

Məncə, analar övladının bir yaşından sonra çalışdıqda daha rahat olurlar. Əgər körpəsi olan qadın işini həll etdikdən sonra körpəsində o boşluğu doldura bilirsə, işləməyində məhdudiyyət olmamalıdır.

Son zamanlar mediada bir neçə dəfə yayılıb. Avropada deputatlar südəmər körpələrini özləri ilə birlikdə parlamentin iclaslarına gətirilər. Çünki südəmər körpə anasından çox ayrı qala bilmir. Bu hal artıq Avropa ölkələrində adi bir hala çevrilib”.

Mənbə: fins.az