Gözəlliyə yaxın olmaq həvəsi bəzən olduqca güclü olur deyə kimsə moda, gözəllik bloqçusu olmağa, kimsə dəriyə qulluq üzrə butik yaratmağa, kimsə də gözəllik salonu açmağa qərar verir…

Özümü tanıyandan həyatımı gözəllik salonu olmadan təsəvvür edə bilmirəm, 17 yaşından stilist peşəsində çalışdığımdan müştəri və gözəllik salonlarının aparıcı qüvvəsi olan stilistlərlə ünsiyyətdən böyük təcrübə qazanmışam. 

13 il müstəqil inkişafdan və dünya brendlərinin Avropa məktəblərində təhsil aldıqdan sonra öz şəxsi salonumu açmaq qərarına gəldim. Mən nə istədiyimi və hara yönlənəyəcəyimi bilirdim.

Bu məqsəd yağışdan sonra çoxalan göbələk kimi hər yeri bürüyən indiki salonların məqsədi ilə eyni deyildi. Mənim yaratdığım biznes uğurlu və populyar ola bildi, çünki öz işimlə məşğul olduğuma, öz yerimdə düzgün qərarlaşdığıma əminlik vardı.  

11 il sonra artıq bazarda tutduğum lider mövqeyindən ətrafda  baş verənlərə nəzər saldım, salon biznesində baş verən xaosa diqqət yetirməyə başladım.

Asan qazanc əldə etmək məqsədilə açılan, yaradılmasına böyük vəsait sərf edilən salonlar eyni sürətlə iflas olurdular.

Hər ay mənə kiminsə biznesinə kömək edilməsi üçün 2-3 xahiş gəlirdi, ya da bu işdən bezmiş salon sahibi obyektdən yaxa qurtarmaq üçün onu mənə icarəyə təklif edirdi.  

Bir sıra artıq çökmüş gözəllik salonlarının hələ də fəaliyyət göstərdiyi bazarı təhlil etdikdən sonra mən bu gün yalnız müasir biznes sahiblərinin yol verdiyi səhvləri göstərməklə onlara kömək edə bilərəm. Ümid edirəm, öz şəxsi işini yaratmaq və salon biznesinin bir hissəsi olmaq istəyənlərə bu məqalə faydalı ola bilər.

Dünya bazarına nəzər yetirsək, bütün məşhur brend salon və markalarını yalnız stilistlərin özləri yaradıb. Jacques Dessange, Tony&Guy, Vidal Sassoon, Aldo Coppolo, Paul Mitchel, Dolores kimi salonlar, tanınmış adlar bunu təsdiqləyir. Bu brendləri yaradanlar vaxtilə öz peşəsinin vurğunu olan bərbərlər olub. Zaman ötdükcə gözəlliyi və təcrübəni paylaşmaq həvəsi bu insanları məktəb yaratmağa təşviq edib, burada onlar gənclərə öz ideyalarını və peşəyə sevgi hissini aşılayıb. Məhz Avropaya təhsil almaq üçün etdiyim səfərlərdə ilhama gəlib mehriban komandada birləşmiş bir məktəbin məzunlarının çalışacağı salonu açmaq həvəsinə düşmüşəm.  

Birinci səhv: Ünsiyyət çevrəsi

Heç vaxt öz böyük ünsiyyət çevrəsinə, qohumlara, abunəçilərə güvənməmək.

Çox vaxt qadınların gözəllik salonu açmaq ideyası onların ömür boyu oraya xidmətə getməsinə, guya hər şeyi bilmələrinə əsaslanır. Üstəlik, imkan da var, yaxşı ünsiyyət çevrəsi də. O, salonu açan kimi bura bütün tanışların, bloqçular isə izləyicilərinin bir axınla gələcəyinə inanır. Doğrudan da axınla gələcəklər, amma cəmi 2-3 ay, sonra isə onların daha gəlmədiyini görəcəksiniz.

İkinci səhv: Komanda

Bu gün mən qətiyyətlə bir həqiqəti deyə bilərəm: müştəri bazası olan, transferi üçün böyük məbləğ ödənilən stilist üzərində qurulan salon elə yaranan gündən iflasa məhkumdur. Tamahkarlığa əsaslanan biznesi qurmaq olmaz. Pul gücünə bərbəri alarkən bir həqiqəti anlamalısınız: onu yeni yaranan başqa salonun satın alması yalnız zaman söhbətidir. 

Üçüncü səhv:  İşi sistem üzərində qurmaq, işçilərdən asılı olmamaq

Salonun bütün personalı (stilistlər, manikür ustaları, kosmetoloqlar) özünəməxsus insanlardan ibarətdir.

Onlarla ünsiyyət qurmaq və yönləndirmək xüsusi bacarıq tələb edir. Əgər siz obyekt yiyəsisinizsə, nə dediyimi anlayarsınız. Onlara söz deməkdən çəkinsəniz, tələblərinizi ətraflı izah etməsəniz, liderlik nüfuzunu itirmək təhlükəsi ilə qarşılacaqsınız.

Dördüncü səhv: Bazarın təhlili

Gözəllik salonu açarkən belə salonların həddən artıq çox olduğunu bilməlisiniz. Əgər açmağa qərar verdinizsə, müştərini cəlb etmək üçün nə kimi yeniliyə can atacağınızı da düşünməlisiniz. Hər yerdə adi standart paket var, sizin gözəl dizaynınız hələ üstünlük demək deyil.

Beşinci səhv: Etdiyiniz yatırım üçün smeta hazırlamağı öyrənin

Salon açmaq vəsait tələb edir, özü də böyük. Bu investisiyalar artıq siz gəlir əldə edənəcən çəkdiyiniz böyük xərcdir. Ustaları transfer etmək üçün sərf olunan pulu, salonun aylıq xərclərini, dövlət rüsumlarını da bura əlavə edib 12 aya bölün. Bu sizə ayda nə qədər gəlir əldə etməyi və hansı zaman kəsiyində qazanca çıxacağınızı dəqiq anlamağa imkan verəcək. Bu sizi 10 dəfə artıq düşünməyə də vadar edəcək. 

Altıncı səhv: Yalnız İnstagram-dakı hesab vacib deyil

İnstagram sosial şəbəkəsində cəmi bir səhifəyə sahib olmaqla biznesdə böyük uğur qazanmaq olmaz. İnternetdə şəxsi reputasiya və salonunuzun nüfuzu məsələsinə ciddi yanaşmaq lazımdır.

Sizin sayt və Facebook, İnstagram, Google, You Tube hesablarınız, digər bu kimi oxşar platformalar vahid bir mexanizm kimi işləməlidir.  

Yeddinci səhv: Salonun can verməsi və endirimlər

Endirimlər real müştəriyə yol açmır. Bir dəfə endirim hesabına salona gələn şəxslərin daimi müştəriyə çevriləcəyinə ümid azdır. Qiymətin aşağı endirilməsi və təkrarlanan endirimlər salonun iflasına şərait yaradır, can verməsinin əlaməti sayıla bilər.

Səkkizinci səhv: Müştərinin istəkləri ilə maraqlanın

Müştərinizlə ünsiyyət qurun, rəy istəyin və istəkləri ilə maraqlanın. Əgər salonlar qadınların naminə yaradılırsa, məhz onlar sizi yönləndirə, yaxşı ideyalar təklif edə və ən yaxşı məsləhətçiyə çevrilə bilərlər. Məncə, əsas məqamlar bunlardır. Qoy, bu kiçik tövsiyələr kiməsə biznesdə uğur qazanmağa kömək etsin.

Write A Comment