Stilist peşəsinə həmişə vurğun olmuşam. Bu sənəti yeniliyə və gözəlliyə, yaradıcılığa bərabər tutmuşam. Hər yeni müştəri mənə ilham verib, hissələrimlə bölüşmək istəyi yaşadıb. Güllərin rəngarəngliyi, xətlərin dəqiqliyi, rahat keçidlər, dalğalar gözəlliyi yaradıb – incəsənətin gözəlliyini.

Mənim stilist kimi formalaşdığım bu yolda çoxlu təlim və təhsil proqramı olmasaydı, bəlkə də bu gözəlliyə çata bilməzdim. Onlar mənim uğurumun əsasını təşkil edib, peşəkar bacarıqların inkişafı üçün əhəmiyyətli olub.

Bəzilərinin cəmi ikicə ay usta köməkçisi kimi çalışıb özünə “usta” adı verməsini çox görmüşəm. Məktəb görməyən belələri insanlara xoş duyğular bəxş etmək əvəzinə, onların həm saç düzümünü, həm də əhvalını pozmaqla məşğul olurlar. İşi dərinliklərini, tarixini bilmədən, texnika və formulları mənimsəmədən bu sahədə peşəkar olmaq qeyri-mümkündür. Səndən xidmət gözləyən insanların etibarı çox vacibdir.  

Stilistin məktəbi – onun uğurunun əsasıdır.

Bəzi ustalar ucuz populyarlıq dalınca qaçır, özünü reklamla məşğul olur və inkişafdan geri qalırlar.  Onların “uğur”u çox çəkmir, narazılıq yaranır, müştəri başqa mütəxəssisə üz tutur.

Yaxşı stilist yarı yolda dayana bilməz. Hər gün bizim peşəyə aid yeni informasiya, tendensiya ortaya qoyur. Yarı yolda dayandınsa, deməli, həyatdan geri qalacaqsan.

Hər gün oxumaq, yeniliklərdən xəbərdar olmaq, zamanla ayaqlaşmaq – bütün bunlar əsil peşəkar üçün vacib amillərdir. Belə məqsədi olan stilist hər bir müştəriyə yalnız sevinc bəxş edəcək.

Write A Comment